2024.09.22
“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilib

“Azərlotereya” Qarabağın yenidənqurulmasına töhfə vermək məqsədilə daha bir təşəbbüsə dəstək olub.

Belə ki, “Azərlotereya”nın tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin açılışı və püşkatma mərasimi baş tutub.
Açılış mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da iştirak edərək turnirin əhəmiyyətindən danışıblar.

Bir neçə ay davam edəcək turnirdə ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının və şirkətlərin komandaları iştirak edəcəklər. Püşkün nəticələrinə əsasən, turnirdə çıxış edəcək 40 kollektiv hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb. “Azərlotereya” komandası B qrupunda mübarizə aparacaq.

Turnirin keçirilməsindən əldə olunan vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

TV Yayım Təqvimi